Qapanmamış hesab (əsərdən bir parça) ...

23 Avq
25
Qapanmamış hesab (əsərdən bir parça)

Yaz fəsli gəlməzdən əvvəl kiçik bir period olur. Qarlar əriməyə başlayır  və hava azca isinir, adam elə bilir ki, yaz gəlib. Amma bir neçə gündən sonra elə bir soyuq düşür ki, yaza olan inam da hava kimi buza dönür. Bir müddətdən sonra isə əsl yaz gəlir. 

Süsən də onu  tanıdığı müddət ərzində elə bilirdi ki, həyatına bir yaz gəlib, ürəyində istilik yaranıb. Amma zaman və  həyat göstərdi ki…

Süsən yuxuda qədimdən qalmış qəsrin ona bağışlandığını, onu rəngləyib yenilədiyini gördü. Yuxudan durub, pəncərə qarşısına keçdi və yollara baxaraq düşündü. Bu yuxu  keçmişdə baş verənlərin,  o hisslərin yenidən qayıda biləcəyinə işarə ola bilərmi?  Yenidən o həmin sevən insan ola bilərm?

Başqa vaxt olsaydı, duran kimi sms yazardı ona. Deyərdi ki, maraqlı yuxu görüb, təsvir edərdi yuxusunu. Amma artıq neçə il idi ki, səhərlər yuxudan duran kimi Əzizə sms yazmağı tərgitmişdi. Əvəzində gündəlik yazırdı Süsən. Fikirlərini dəftərə köçürürdü. Durub gündəliyini açdı, yazmağa başladı. “O günlərdən çox uzun bir müddət keçib. Hər dəfə səni yadıma salanda  ürəyimdə sənə aid bir istiliyin qalıb - qalmadığını hiss etməyə çalışıram. Amma sənə bir şey deyim - bərabər olduğumuz müddətdə duyduğum hisslər üçün sənə minnətdaram.  Çox şeylər, çoxlu ağır günlər yaşadım səndən ayrı qaldığım bu müddətdə.

 Keçdiyimiz, görüşüyümüz yerlərdən indi də keçirəm.  Məcburam keçməyə, yolumun üstüdür axı. Baxıram, yerlər həmin yerlərdir.  Amma görürəm ki, mən həmin adam deyiləm. Gözü hər yerdə səni axtaran, səni görmək ümidi ilə yaşayan, nə olursa olsun, yenidən qarşılaşmağa ümid edən.., o adam deyiləm. Amma yenə də ürəyimdə sənə aid bir istilik qalıb. İşartı və  ya köz demək olar buna. Yenidən canlana bilərmi o hisslər? İnana bilmirəm. Çünki mən artıq  o mən deyiləm. Sənin nə düşündüyünü bilmirəm. Bəlkə də heç yada salmırsan. Açıq qalmış sualların cavabı məni uzun illər boyu düşündürüb, hələ də əslində sənin məhz nələri yalan dediyini bilmirəm. Amma bir şeyi bilirəm ki, artıq o hisslərlə yaşamıram, bunu səndən öyrənmişəm, bu qədər etinasızlığını gördüyüm müddətdə sən bunu da mənə öyrətmisən... Sənə aid əşyalarla vidalaşmışam. Sənə aid şəkillərlə vidalaşmışam. Artıq gözlərim səni axtarmır. Ürəyimin dərinliklərində bəlkə də sənə aid nəsə var, amma o elə olduğu yerdə yatıb qalıb. Hərdən düşünürəm, qarşıma çıxsan, yenidən həyatına qayıtmağa dəvət etsən, qayıda bilərəmmi o hisslərə, o günlərə? Fikriləşirəm ki, qayıtmaram.

Amma bir şey də yadımdan çıxmır: son təsadüfi qarşılaşmamızda gördüm ki, sən mənim arxanda olduğumu hiss etdin, dönüb geri baxanda  yerində dayandın. Gözlədin ki yaxınlaşım. Niyə? Əgər sənin üçün bu qədər dəyərsiz idimsə və yaşatdıqlarını mənə rəva görürdünsə, məni unut deyən sən, niyə məni həsrətlə süzürdün.  Bəs niyə məni görəndə həyəcanlanmışdın? Niyə?

Fikirlər yenə də əvvəlki kimi məni üzməyə başladı deyəsən, axı mən bütün olanları yaddan çıxardığımı düşünürdüm. Son qarşılaşma... Görəsən yenə də olacaqmı belə bir  təsadüfi görüşümüz?” Görəsən nə vaxtsa səninlə qarşılaşaraq bu açıq qalmış hesabı bağlaya biləcəyəmmi?”

...
Şərh bölməsinə keç (0)
Digər yazılar