Niyə daha Dünya müharibələri olmur? ...

04 Sen
128
Niyə daha Dünya müharibələri olmur?

Hüseynbala Səlimov

Demirəm ki, çox tez-tez, amma mütəmadi olaraq müxtəlif ölkələrdə insanlar hələ də akademik A.Saxarovu anırlar.

Bura əlbəttə ki, ilk olaraq dünyanın fiziklər cameyəsinin təmsilçiləri aiddirlər, çünki baxmayaraq ki, Saxarov əsasən məxfi, hərbi əhəmiyyətli işlərlə məşğul olan fizik idi, amma vaxtında fundamental elmdə də çox mühüm işlər görmüşdü: hətta Kainat haqqında elmdə -kosmologiyada da "Saxarov osilliyasiyaları” deyilən fenomen var.

Belədə isə mərhum akademiki əsasən onun ictimai və siyasi fəaliyyətinə görə anırlar - əlbəttə ki, hər yerdə bir cür...

Onun vətənində -Rusiyada bir cür, Baltik ölkələrimdə başqa cür, məsələn, bizim Azərbaycanda isə tamam fərqli –az qala, Dağlıq Qarabağ separatçı hərəkatının üzvlərindən biri kimi...  

Bilmirəm niyə görə, amma mən akademik Saxarovu adətən dünya müharibələri konteksində xatırlayıram – bəli, hətta yenidənqurmanın da konteksində yox, məhz dünya müharibələri konteksində...

Ona görə də eşidən kimi ki, ötən həftə İkinci Dünya müharibəsinin başlanmasından düz səksən il keçibdir, mən yenə də dərhal məşhur sovet fizikini və dissidentini –hüquq müdafiəçisini xatırladım. Mənim bu adama diqqətimin səbəbini başa düşməkçün əslində bir sadə suala cavab vermək yetər: niyə görə daha dünya müahribələri olmur? Axı birinci və ikinci dünya müharibələrini cəmi iyirmi beş il ayırır! Amma ikinci dünya müahribəsinin bitməsindən yetmiş ildən artıq vaxt keçsə də hələki növbəti dünya müharibəsi yoxdur...

Doğrudanmı siyasət və ya siyasətçilər dəyişib başqa cür, tamam mütərəqqi olublar? Doğrudanmı dünyanı artıq humanitar qaydalar və prinsiplər idarə edir? Əlbəttə, müəyyən dəyişikliklər var, amma böyük hesabla, zənnimizcə, siyasətçilər elə həmin adamlardır – onları hələ də tamah və şöhrətpərəstlik kimi hisslər, böyük ambisiyalar və məsuliyyətsizlik kimi motivlər idarə edir.

Onda məsələnin kökü nədədir, cənab oxucular? Niyə görə dünya müharibələri daha yoxdur? Məsələ bundadır ki, fiziklərin sayəsində artıq dünyada çəkindirici "rıçaq”lar var –hamının olmasa da, bir çox dövlətlərin sərəncamında atom və nüvə silahı var. Bəs bu necə baş verdi? Fiziklərin "gizli sövdələşməsi” nəticəsində bəzi alimlər, xüsusən də Manhetten layihəsinin iştirakçısı K.Fuks sovet kəşfiyyatçılarına atom silahının sirlərini ötürdü və nəticədə də Sovet İttifaqı tez bir zamanda bu silahı əldə edə bildi. 

Demək lazımdır ki, siyasətçilər və diplomatlar hələ də yanıb tökülür, təəssüflənirlər ki, vaxtında fiziklərin sövdələşməsinin qarşısını ala bilmədilər, çünki belə olsaydı, onlar ən azı yarım əsr tez dünyanın digər bir qütbünün – kommunist düşərgəsinin axırına çıxa bilərdilər.

Amma bizim sualımız hələ də qalır: bəs A.Saxarovun bura nə dəxli var? Məsələ bundadır ki, atom silahı ilə bağlı sovet alimləri hələ də mübahisə edirlər: bu silaha görə Sovetlər daha çox kimə minnətdar olmalı idi – öz kəşfiyyatçılarına, yoxsa fiziklərinə?  

Amma nüvə silahına, hidrogen bombasına gəldikdə, - hansı ki, atom silahından azı min dəfələrlə güclüdür, - burada sovetlər ilk növbədə öz fiziklərinə, xüsusən də Andrey Saxarova minnətdar olmalı idilər və ilk vaxtlarda məhz belə də olmuşdu: A.Saxarov 29-30 yaşlarında akademik olmuş, üç dəfə sosialist əməyi qəhrəmanı adına layiq görülmüşdü...

Fəqət, sonradan hər şey tamamilə başqa istiqamət götürdü: məxfi fizik dissident və hüquq müdafiəçisi oldu və bu yolda da heç də əvvəlkilərdən geri qalmayan təltiflərə, o cümlədən də Nobel mükafatına layiq görüldü.

Qalanları arıtq siz də bilirsiniz. Bizə elə gəlir ki, A.Saxarov bizimçün də, bütün bəşəriyyət üçün də daha çox fizik – silahçı kimi iş görübdür: atom və nüvə silahını yaratmaqla onlar dünyaya çəkindirici "rıçaq”lar verdilər və indi də nüvə düyməsini sıxmamışdan öncə böyük güclərin təmsilçiləri məcbur olurlar ki, bunun bütün bəşəriyyət üçün nəticələrini nəzərə alsınlar. Üstəlik, hələki məhdud nüvə müharibələri haqqında söhbətlər və eləcə də humanist silahlar haqqında deyilənlər də xoşbəxtlikdən bir hipotez olaraq qalır və dünyadakı indiki güc balansını dəyişə bilmir...

...
Şərh bölməsinə keç (0)
Digər yazılar