Əminənin qətlində türk seriallarının payı  ...

28 Avq
59
Əminənin qətlində türk seriallarının payı 

Bir neçə gün öncə keçmiş həyat yoldaşı tərəfindən azyaşlı qızının gözü qarşısında boğazı kəsilərək öldürülmüş Əminə Buludun qanı axa-axa çırpındığı, balaca qızının “Ana, ölmə!”, özünün isə “Ölmək istəmirəm!” sözləri ilə fəryad etdiyi video Türkiyəni ayağa qaldırıb. Azərbaycanda da geniş müzakirə olunan bu dəhşətli hadisə haqqında yazmağa başlamazdan əvvəl “Əminə Buludun qətlində türk seriallarının payı” adlı sosail media paylaşımlarından ibarət bir linklə qarşılaşdım.

 

Oxumuş olduğum paylaşımlar türk seriallarında yer verilmiş qadına şiddəti pisləyən saysız-hesabsız fikirlərin yalnızca kiçik bir hissəsini əks etdirir. Tənqid edənlərin heç də haqsız olmadığını, hər həftə televiziya ekranlarından minlərlə evə yayılan və qadına şiddətlə dolu serialların hələ neçə-neçə potensial qatillər yetişdirəcəyini düşündükcə adam dəhşətə gəlir.

 

İstifadəçilərdən biri bu məsələdə Türkiyə Radio və Televiziya Yüksək Qurumunu günahlandırıb: “Spirtli içkilərə, siqaretə senzura tətbiq edən Radio və Televiziya Yüksək Qurumu niyəsə qadına şiddəti qanuniləşdirən seriallara toxunmur. Qadınların canı bu qədər ucuzdur…”

 

Qanuniləşdirən?

 

Haşiyə: Hələ 2015-ci ildə “Əl-Cəzirə” kanalının türkcə versiyasında Aydan Özsoyun “Yerli serialların istehsal etdiyi şiddət, cinsi ayrı-seçkilik və qadın qətlləri” sərlövhəli yazısı dərc olunub. Yazıda “qanuniləşdirmə” məsələsinə xüsusilə toxunulub: “Media cəmiyyətdəki şiddət və ayrı-seçkilik əməllərini daha çox izlənmək, pul qazanmaq məqsədilə alovlandırmaq əvəzinə onu cilovlamaq üçün də hər hansı bir istehsal ortaya qoya bilər. Xüsusilə də izləyicinin tez-tez özüylə arasında eynilik tapdığı qəhrəmanlar fərqlilik yaradılması istiqamətində önəmli rol oynaya bilərlər…”.

 

Türk serialları isə bunun əksinə, illərlə “Yeşilçam” filmlərinin qadın və kişi obrazları üçün istifadə etdiyi qəlibləşmiş bir çox kodu bəzən dəyişdirərək, bəzən də heç dəyişdirmədən, olduğu kimi təkrarlayıb; cinayətləri, təcavüzləri və tez-tez vurğulanan cinsiyyətçi ictimai dəyərləri tarixi mövzuda çəkilmiş seriallarda saray qanunları və əlaqələrindən, müasir mövzuda çəkilmiş seriallarda dini ehkamlardan çıxış edərək “dəyər” kimi qanuniləşdirib.

 

Müəllif misal gətirir ki, olduqca çox izləyici kütləsi toplamış “Min bir gecə” serialındakı Şəhrizad obrazı müdiri Onurun hər cür şiddət və aşağılayıcı hərəkətlərinə sinə gərməyə çalışmışdı. Pul qarşılığında yaşanmış münasibət daha çox qadın bədəni üzərindən qınanmış, sosial mediada ələ salınmışdı. Əslində, burada qınanan tərəf Onur olmalı idi, gəl ki, “kişiyə hər şey olar, qadına heç nə…” patriarxal dünyagörüşü ədalətli nəticə çıxarmağa mane olmuşdu.

 

Bu mənada Türkiyə Radio və Televiziya Yüksək Qurumunu günahlandıran sosial media istifadəçisinin sözünü qəribliyə salmaq olmaz. Elə o istifadəçinin dediyi kimi, spirtli içkilərə və siqaretə senzura tətbiq edən qurum istəsə, bir günün içində bununla bağlı da bir qərar çıxarıb yaranmış problemi aradan qaldıra bilər.

 

Sözsüz, kino və serialların vəzifəsi hansısa hadisəyə şərh vermək deyil, buna baxmayaraq istənilən mövzunu elə işləmək olar ki, tamaşaçı ondan dərs də çıxara bilər, yaxud gördüyü qəhrəmanla oxşarlıq tapıb özünü dəyişə də… Hələ onu demirəm ki, sənət əsərləri kimsə ondan dərs çıxarsın deyə də yaradılmır.

 

Seriallar sənət deyil, daha çox kommersiya məqsədləri üçün çəkildiyinə görə elə indi çəkilən türk serialları da tamaşaçıya təsir edir, onu dəyişir, amma nə yazıq ki, dəyişib övladının gözünün qarşısında anasını öldürəcək bir qatilə çevirir. Fədai Baran kimi…

 

Radio və Televiziya Yüksək Qurumuna şikayət olunmuş, amma barəsində hər hansı bir tədbir görülməmiş “Sən anlat, Qaradəniz”, “Eşq ağladar” kimi serialları Əminə Buludun qətlini müzakirə edən əksər azərbaycanlılar da izləyirlər. İzləyə-izləyə də müzakirəni davam etdirirlər; kimisi haqq qazandırır, kimisi mərhumun “ölmək istəmirəm”, qızının “ana, ölmə” sözlərinə yanıb-yaxılır; kimisi də öz ölkəsində qarşılaşdığı buna bənzər hadisələri status kimi paylaşır. O paylaşılan statuslarda nəql olunan hekayələrin müzakirəsi zamanı da parçalanmalar yaranır.

 

Heç şübhəsiz, bu parçalanmalar da gecə-gündüz izlənən türk seriallarından qaynaqlanır; çünki azərbaycanlı tamaşaçı o seriallara ya heç baxmır, ya da türk tamaşaçıdan daha çox bağlanır. Əksərən ikinci hal baş verir: bağlanır. Necə ki bir vaxtlar az qala serialı izləyən hər kəs özünü “Qurdlar vadisi”nin qəhrəmanı Polad Ələmdara oxşatmaq üçün qara, uzun pencək geyinirdi, indi də qadına şiddəti nümayiş etdirən onlarla serial qəhrəmanından örnək götürür.

 

Novator.az 

...
Şərh bölməsinə keç (0)
Digər yazılar