Elə bunu deyəcəkdim ...

11 Sen
9
Elə bunu deyəcəkdim

Rus səfirinin ölümündən bir neçə saat əvvəl evə gəldim. Axır vaxtlar özümə qapanmışam, acgözlülüklə kitab oxuyur, film izləyir və əsla yatmıram. Yatmıram deyəndə, bir-iki saat yatıram, o da anam namaza oyanır deyə, məcbur olub yatıram ki, məni oyaq görüb kefi pozulmasın.

Evə çatan kimi yeməyimi yeyib, çayımı içdim. Biraz otaqları gəzdim. Uzandım. Oturdum. Masamın üstündəki dağınığa əl gəzdirdim. Mən otaqları gəzdiyim kimi barmaqlarım da kitabların üstündə gəzdilər. Bunların hamısı baş verərkən ağlımda nəsə var idi və mən axır ki, kitablara toxunan kimi ağlındakını tapdım – mənim ürəyim sıxılır!

Vaxtından əvvəl azadlığa can atan məhbus kimi özümü bayıra atdım. Təmiz havanı sinəmə çəkdikcə, bir qatili niyə öldürməyib, ömürlük azadlığından məhrum etdiklərini anladım. Həqiqətən də, insan nədən məhrum olursa olsun, azadlığına məhrum edildiyi halda həyatın əsl üzünü dərk edir.

— Ölmək istədiyimi desəm?

Bunu həmişəki melanxolik halına sayıb, o qədər də üstündə durmadım. Hətta lağ-lağıya salıb ona söz də atdım.

— Ölmək asandır, hünərin çatır imtahandan kəsil və anana de.

Uzun uzadı danışan insanları sevmirəm. Kimliyindən aslı olmadan, çox danışan insanlara qarşı vecsizəm. Qarşımdakı insan danışdıqca gəzmədiyim aləm qalmır, özümdən nələrsə yaradıram, dağıdıram – hamısı da fikirlərdə.

Yaradıb dağıtdığım anda fikrim ona sataşdı. O hələ də danışırdı. Daim pozitiv olan, mənim “şəxsi psixoloqum” bu dəfə ölməkdən danışırdı. Qəribədir. Psixoloqlar axı intihar eləmir.

Deyəsən, fikri ciddidir.

Görəsən onu təsəlli etməliyəm? Yox, axı o təsəllini sevmir, heç mən də sevmirəm. (Gülümsəyirəm)

— Məndən təsəlli gözləyirsən?

— Necə yəni?

— Nə bilim ölümdən danışdın, dedim bəlkə…

— Amaaan, boş ver. Onu deyirəm axı…

Qadınların hərtərəfli olmalarına heyranam. O hələ də danışır. Bezmədən danışır. Ölümdən danışmağa başlamışdı, bundan əminəm. (Əminəm… hə?) Görəsən, ölümdən başlayıb birdən-birə qadın qeybətinə necə gəlib çıxdı? Özü də, təkcə bu yox, hər bir qadın mövzunu beləcə rahat dəyişə bilir. Adamın ruhu da incimir!

— Axı, bilirsən, mən xoşlamıram kiminsə haqqında danışmağı.

(Əslində çox istəyirəm. Dəhşət dərəcədə maraqlıdır. Niyə də maraqlı olmasın axı.)

— Onu deyirəm axı…

Nədənsə hər şey də “onu deyirəm axı” ilə başlayır. Tanrı insanları yaradanda “ol” dedisə, bu onun qadın olmamağı ilə əlaqədardı. Mən sizi inandırım ki, əgər Tanrı qadın olsaydı dünya “ol” sözü ilə yox, “onu deyirəm axı” ilə başlayardı.

...
Şərh bölməsinə keç (0)
Digər yazılar