Dünya çempionluğuna gedən yol: Futbol robotu ...

02 Sen
76
Dünya çempionluğuna gedən yol: Futbol robotu

"Futbol çox dəyişkən oyundu. Dünyanın ən yaxşı 15 elm adamı bir yerə yığışsa, yenə də qələbə qazanmağın formulunu tapa bilməzlər. Ona görə də, əlinizdən gələn tək şey maksimum hazırlıqlı olmaqdı" - Tomas Müller.

 

Futbolun sürprizlərlə bol idman növü olduğunu anlayanda, əslində, baş verəcəklər qarşısında necə də çarəsiz olduğunuzun fərqinə varırsınız. Futbolun niyə digər idman növlərindən fərqli olması barədə illərcə baş yoran berlinli ixtiraçı Kristian Qüttler də belə düşünürdü: "Əsl idman dəlisi idim. Bilyard, qolf, futbol, tennis... - demək olar ki, hər növ idmanla məşğul olmuşam. Eyni zamanda, musiqi üzrə doktorantura oxumuşam. Uşaqlığımdan bəri hər gün gitara, violonçel və piano çalırdım. Bir müddət sonra ağlımda suallar yaranmağa başladı. Niyə fərdi idman növləri ilə məşğul olan atletlər futbolçulardan daha çox və daha ağır məşqlər edirlər?; Musiqiçilər və tennisçilərdən fərqli olaraq, niyə futbolçular 20 yaşdan sonra texniki baxımdan inkişaf edə bilmirlər?; Dünyanın ən yaxşı futbolçuları niyə qardaşımın şef olduğu Helsinki Filarmonik Orkestri kimi, iki saat dayanmadan, qüsursuz performans nümayiş etdirə bilmirlər?"

 

Əslində, Qüttler son sualın cavabının futbolun mürəkkəb oyun şərtləri ilə birbaşa əlaqəli olduğunu anlayırdı: "1-2 m. uzaqlıqda olan pleymeykerə xətalı ötürmə edən futbolçu zamanı geri alıb, eyni pası səhvsiz vermək üçün, bəlkə də, hər şeyini qurban verər. Təbii ki, bunun reallaşması mümkünsüzdü. Meydandakı hər kəsi ötürmə verilən andakı mövqelərinə geri qaytara bilmərik. Ona görə də, həmin oyunçunun əlindən yaxın bir neçə dəqiqə ərzində o xətalı pası düşünməkdən başqa heç nə gəlmir. Bir dəfə Arsen Vengerdən soruşublar: "Yaxşı futbolçunu necə təsvir edərdiniz?" Fransız məşqçi cavabında deyib: "Yaxşı futbolçu gözlənilməz vəziyyətlərdə xətasız həll yolları təklif edən futbolçudu".

 

Futbolçunun gözlənilməz çətinliklərə qarşı necə mübarizə apardığını görməyimizə şərait yaradacaq və prosesin sonunda daha yaxşı və sürətli düşünən birinə çevrilməsinə yardımçı olacaq aparat hazırlamaq - Qüttler bir müddət sonra beynindəki sualların cavabını bu yolla tapacağı qənaətinə gəlib.

 

O, ağlında tutduğu aparatın ilk dizaynını 2005-ci ildə, İstanbulda oynanılan Çempionlar Liqasının finalında "Liverpul"un "Milan"ı möcüzəvi şəkildə məğlub etdiyi axşam hazırlayıb. Televiziya reklamlarını efirə hazır vəziyyətə gətirərək, qazandığı pulları yığan Qüttler dostlarından birini sözügedən proyektə investisiya qoyması üçün razı sala bilib. O, illər öncə - soyuq müharibə dövründə Şərqi Berlində gizli təhlükəsizlik təşkilatı Stasinin qaraj kimi istifadə etdiyi anqarda cihazının prototipinin inşasını tamamlayıb. Ardınca Oliver Birhoffa müraciət edərək, ondan aparatı ilə tanış olmasını istəyib. Almaniya Futbol Federasiyasının idman direktoru mətbuat katibi vasitəsilə və kifayət qədər mədəni bir dillə vaxtının olmadığını onun nəzərinə çatdırır və sözügedən cihazın otel otağına göndərilməsinin mümkün olub-olmadığını soruşur. Qüttler bu gün belə, bu cavabı gülüşlə qarşılayır.

 

Qüttlerin ideyası 2012-ci ilin noyabr ayında həyata keçir. Yurqen Kloppun "Borussiya"sı 1 milyon avro ödəyərək aparatı komandanın Brakkeldə yerləşən məşq bazasında quraşdırır. 18 ay sonra isə növbə "Hoffenhaym"a çatır.

 

"Hoffenhaym"ın Çuçenhauzendəki bazası ilə Valdorf arasında 30 dəqiqəlik məsafə var. Yolu qət edərkən kəndlərin necə zəngin olduğunu bir göz qırpımında anlaya bilərsiniz. Klubun mərkəzi binasını "saray" adlandırsaq, hər halda mübaliğəyə varmış olmarıq. Sözügedən bina, həqiqətən də, XVIII əsrdə barokko üslubunda tikilmiş bir saraydı. "Schloss Agnestal" adlı sarayın sahibi olan ailənin maliyyə vəziyyəti pisləşdikdən sonra bina əvvəlcə fermaya çevrilib. XXI əsrin əvvəllərində isə burada gecə klubu tikilib. 2008-ci ildə "Hoffenhaym" Bundesliqaya vəsiqə qazandıqdan sonra Ditmar Hopp binanı alıb və klubun məşq bazasını köhnə sarayın düz yanında tikdirmək qərarına gəlib. Qüttlerin "Footbonaut" adını verdiyi kəşfi buradadı.

 

"Footbonaut"u ilk dəfə görməyə gedəndə U-15 komandasından iki futbolçunu iş başında gördüm. Növbəli şəkildə 14x14 m.-lik süni ot örtüyünün üzərinə çıxırdılar. Otun ətrafındakı 64 çərək dairədən birinin işığı fısıltılı səsdən sonra yanırdı. Bu, oyunçunun hədəfinin həmin çərək dairə olduğunu göstərirdi. Bir saniyə sonra ətrafdakı 8 top atan aparatdan biri iki dəfə bip səsi çıxartdıqdan sonra topları atmağa başlayırdı. Top oyunçuya yavaş, sürətli (cihaz topları saatda 100 km. sürətlə ata bilir), havadan, yerdən və hətta fırlanan formada göndərilirdi. Oyunçunun üzərinə düşən vəzifə isə topu saxlayıb, işığı yanan çərək dairəyə göndərməkdən ibarət idi. Hər futbolçu eyni hərəkəti 10-15 dəfə etmək məcburiyyətində idi. "Footbonaut" oyunçuların zamanını və ümumi nəticəsini hesablayırdı. Yuxarıdakı otaqda futbolçuları izləyən və qeyd aparan gənclərdən ibarət komandanın məşqçisi daha sonra oyunçuların performanslarını analiz edirdi.

 

Mən də özümü yoxlamaq qərarına gəldim. Ətrafda adam qalmadığını görəndə rahatladım. Cihaz geriyə doğru saymamışdan əvvəl qırmızı işıqlar yanır. İlk top yerdən və yavaş göndərilir. Nəzarət prosesi çox rahatdı, ancaq hədəfin hansı deşik olduğunu əvvəldən görməmisənsə, çox vaxtın gedir. Ona görə də, top gəlməmişdən əvvəl arxana fikir verməlisən. Əslində, çox hərəkət etməyə ehtiyac yoxdu. Sadəcə, 3-4 cəhddən sonra baldırların ağrımağa başlayır və yavaş-yavaş konsentrasiyanı itirirsən. Əyləncəli olan məşq prosesinin gedişində özünü bir anlıq elmi-fantastika filminin çəkilişlərində iştirak edirmiş kimi hiss edirsən. Ancaq hərəkətin mexanikliyi bir müddət sonra stressə səbəb olur. Sonda kompyuterdən "game over" səsi gəlir. Beş dəqiqə sonra yenidən özümü yoxlamaq üçün meydançaya çıxdım. Koordinasiyamın bu səfər daha yaxşı olmasına baxmayaraq, yenə tez yoruldum. Yorulduqca hədəfi tapmaqda çətinlik çəkirdim.

 

"Futbol robotu" 2013-cü ildə mətbuatın önünə çıxarılanda "Hoffenhaym"ın idman direktoru Bernard Piters demişdi: "Məqsədimiz futbolçuların texnikasını, koordinasiyasını və dərketmə bacarığını inkişaf etdirməkdi. Bu cihaz oyunçuların dəqiq pas verməsinə, topa nəzarət və ötürmə zamanı doğru seçimlər etməsinə şərait yaradır".

 

"Hoffenhaym"ın məşqçiləri qısamüddətli seansların daha effektiv olduğunu düşünürlər. Çünki "Footbonaut"da keçirilən vaxt uzandıqca məşq texniki xüsusiyyətini itirib, tamamilə fiziki formata keçir. "Hoffenhaym" cihazdan birdən çox futbolçunun aralarında paslaşması və qapıçı məşğələləri zamanı da istifadə edir. Qüttler iddia edir ki, "Footbonaut"la işləyən futbolçular 15 dəqiqə ərzində həftəlik məşq prosesindən daha çox topa toxunurlar. Beləliklə, oyunçular fərdi və təkrar təməlli çalışmalarla qeyri-adi vəziyyətlərə hazır olmağı və saniyənin mində birində doğru qərar verməyi öyrənirlər. "Footbonaut"u təcrübədən keçirdən futbolçular onun süni təsir bağışladığını düşünmürlər. Qüttlerin araşdırmalarına görə, adətən, oyunçular matçlar zamanı 7-8 m. məsafədən pas qəbul edirlər. İxtiraçı deyir ki, "Footbonaut"da məşq edən futbolçular daha tez və daha dəqiq paslaşırlar. Bu məşğələlərin sonunda oyunçulardan gözlənilən şey topun onlara gəldiyi andan ayaqlarından çıxdığı ana qədər olan müddəti maksimum iki saniyə həddinə çatdırmalarıdı.

 

Dortmund "Borussiya"sının üzvləri Marko Roys və Mario Qötse aparatla çalışmağı çox sevdiklərindən, hətta gecələr və bazar günləri də "Footbonaut"la məşq edirlər. Qüttleri dinləyək: "Felipe Santana ("Borussiya"nın sabiq müdafiəçisi) Mariodan, "Niyə davamlı olaraq "Footbonaut"la məşq edirsiniz?" deyə soruşanda yanlarında idim. Qötse cavabında demişdi: "Çünki daha yaxşı futbolçu olmaq istəyirəm". "Nəyə lazımdı ki? Onsuz da, professional futbolçuyam" - Santana isə anlamamaqda qərarlı idi".

 

İyulun 13-də (dünya çempionatının finalından sonra) Qüttlerə dostlarından və məşqçilərdən yüzlərlə mesaj gəldi. Hə, hamısı ona ünvanlanmışdı. Ya da yox, danışmayacam. Bu hekayəni anlatmağıma hələ var.

 

Rafael Honiqştayn - "Das Reboot: How German Soccer Reinvented Itself and Conquered the World" kitabı

 

Tərcümə: Rüfət Məcid

...
Şərh bölməsinə keç (0)
Digər yazılar