Boris Vian. İtlər, ehtiras və ölüm (HEKAYƏ) ...

28 Avq
33
Boris Vian. İtlər, ehtiras və ölüm (HEKAYƏ)

 

 

Boris Vian (1920 - 1959). XX əsr Fransa ədəbiyyatının mübahisəsiz klassiklərindən biridir. Başdan-ayağa incəsənət adamı olan Vian 39 illik həyatına bir neçə yaradıcı adamın ömrünü yerləşdirmişdi. Yazıçı, şair, dramaturq, ssenarist, aktyor, musiqiçi, bəstəkar, ifaçı, tərcüməçi, tənqidçi... Ən məşhur əsəri "Günlərin köpüyü" romanıdı. Əsərlərini öz imzasından başqa 24 adla çap etdirib. Qondarma adlarından ən məşhuru Vernon Sallivandı. Eyni qrupda çalışdığı iki nəfərin adlarını birləşdirib və onun üçün bioqrafiya da uydurub. Guya Sallivan afroamerikandı, amma əsərləri çox açıq-saçıq olduğuna görə Amerikada çap etmirlər və Boris Vian o əsərləri fransızcaya tərcümə edib (Vian doğrudan da ingilis dilindən tərcümələr edirdi). Vianın Vernon Sallivan imzasıyla yazdığı hekayəni təqdim edirəm.

 

İtlər, ehtiras və ölüm

 

Məni yaman qayırdılar. Sabah elektrik stuluna oturmalı olacağam. Hər halda bunları yazacağam, istəmirəm qaranlıq nəsə qalsın. Hakimlər heç nə başa düşmədi. Axı Sleks ölüb, mənsə danışmaq istəmədim, onsuz da inanmayacaqdılar. Kaş Sleks maşından çıxa biləydi. Sağ qalsaydı, gəlib hər şeyi özü danışardı. Bəsdi bu barədə danışdım, daha heç nə eləmək olmaz. Bu həyatda.

 

Əgər taksi sürücüsüsənsə, istər-istəməz nələrəsə vərdiş edirsən. Bütün günü sürürsən, sürürsən və bütün rayonları beş barmağın kimi tanıyırsan. Bəziləri xoşuna gəlir, bəziləri yox. Misalçün, çox sürücü Bruklinə getməkdənsə diri-diri doğranmağa razı olar. Mənsə ora həvəslə gedirəm. Daha doğrusu gedirdim, bir də gedə bilməyəcəyəm. Hər axşam Bruklindəki “Min şeytan” barında bir saat otururdum, artıq buna vərdiş eləmişdim. Bir dəfə ora müştəri aparmışdım, müştəri lül-qəmbər idi, məni də özüylə içəri apardı. Ordan çıxanda, artıq buralara necə qızların yığışdığını bilirdim. Odu-budu ora vərdiş elədim, yəqin deyəcəksiniz ki, çox sarsaq hərəkətdi…

 

Hər gecə saat bir radələrində ora gedirdim. Bu vaxtlar o çıxırdı. “Şeytanlar”da tez-tez canlı musiqi olurdu, o qızı da tanıyırdım. Onu Sleks çağırırdılar, çünki çox vaxt şalvar geyinirdi. Qəzetlərdə onun lesbiyan olduğunu yazırdılar. Hər gecə pianoçu və bas-gitaraçıyla çıxırdılar, pianoçunun maşınına oturub əyləncəni davam etdirməyə gedirdilər. Amma həmişə də gecəni yekunlaşdırmaq üçün “Şeytanlar”a qayıdırdılar, bunu sonralar öyrəndim.

 

Orda heç vaxt çox dayanmırdım. Çox boş dayana bilməzdim, orda dayanacaq da böyük deyil, müştəri də başqa yerlərdən çox olur.

 

Bir gecə onlar dava elədilər. Hər şey o gecədən başladı. Bu iş zarafata oxşamırdı. Qız pianoçunun sifətinə birini ilişdirdi. Güclü qız imiş. Pianoçu yerə tirləndi. Düzdü, o sərxoş idi, amma məncə ayıq olsaydı da dayana bilməzdi. Uzanıb qaldı, o birisi oğlan onu ayıltmaq üçün şillələməyə başladı, elə vururdu ki, elə bilirdin pianoçunun başı bu saat partlayacaq. Bilmədim o oğlanın axırı necə oldu, çünki qız gəlib yanımda oturdu. Oturan kimi alışqanı yandırıb işığında üzümə baxdı.

 

- İstəyirsinizsə işığı yandırım.

 

“yox” deyib alışqanı söndürdü, yola düşdük. Gedəcəyimiz ünvanı gec soruşdum, artıq York-avenyuya dönmüşdük, yadıma düşdü ki, ünvan deməyib.

 

Gülməlidir, hə? Əlbəttə, özümə görə güclüyəm, əzələliyəm, yəqin fikirləşirsiniz ki, o qancığı rahatlıqla maşından ata bilərdim. Yox, əgər onun ağzını, özünü maşında necə apardığını görsəydiniz, siz də heç nə edə bilməzdiniz. Ölü kimi ağarmışdı… Heç nə danışmırdım, yandan ona baxırdım, hərdən də yola nəzər salırdım. İstəmirdim onu qabaq oturacaqda görən olsun.

Bəlkə də inanmayacaqsınız, amma Nyu-York kimi şəhərdə, gecələr o qədər az adam olur ki. O ara küçələrə dönürdü. Müxtəlif kvartalların yanından keçirdik, bircə nəfər də gözə dəymirdi. Arada bir-iki nəfər görürdük. Ya bomj olurdu gördüyümüz, ya harasa gedən qadın, ya da işdən qayıdan adamlar. Hərdən açıq mağazaların da qabağından keçirdik, gecə ikiyə, üçə qədər açıq olanların, ya da bütün sutkanı işləyənlərin. Hər dəfə səkidə kiminsə getdiyini görəndə maşını imkan qədər ona yaxınlaşdırır, yanına çatanda əyləci basır, sonra birdən qaz verirdi. Mən yenə heç nə demirdim, amma o bunu dördüncü dəfə təkrarlayanda soruşdum:

 

- Nə üçün belə edirsiniz?

 

- Məncə, bu məni əyləndirir.

 

Heç nə demədim. O mənə baxdı. Onun mənə baxa-baxa maşını sürməyi xoşuma gəlmədi, qeyri-ixtiyari əlim rula uzandı. Sağ əliylə əlimi vurdu. Əlim pis incitdi. Söyüş söydüm, o güldü.

- Onlar maşının səsini eşidəndə elə qorxurlar ki… Bu yaman əyləncəlidi…

 

Bu vaxt o yolu keçən it gördü. Fikirləşdim ki, itə çatan kimi əyləci basacaq, özümü saxlaya bilim deyə hardansa yapışmaq istədim, amma o əksinə, getdikcə sürəti çoxaltdı, bir neçə saniyə sonra maşının qabağından boğuq tappıltı səsi gəldi.

 

- Sənin… - Söyməyə başladım. – Ay dad, maşının qabağı getdi…

 

- Kəs səsini!

 

Elə bil özündə deyildi. Gözləri dumanlıydı, maşını bu səkidən o biri səkiyə sürürdü. İki kvartaldan sonra maşını saxladı.

 

Maşına baxmaq üçün düşmək istədim, amma o əlimdən tutdu. Yorğun at kimi ağır-ağır nəfəs alırdı.

 

Onun üzünü görəydiniz… O ifadə yadımdan çıxmır. Əgər qadını özün bu həddə çatdırırsansa, o başqa məsələ… Amma heç gözləmədiyin halda qadın özü bu həddə çatırsa, daha nə deyim… Daş kimi oturub əlimdən tutmuşdu, tərpənmirdi. Ağzı sulanmışdı, dodaqları parıldayırdı.

 

Küçəyə boylandım. Heç bilmirdim hardayıq. Ətrafda heç kim yox idi. Şalvarı bir göz qırpımında çıxdı. Adətən maşında çox da rahat olmur. Amma bunu həmişə xatırlayacağam. Hətta sabah səhər başımı itirməyə hazırlaşanda da…

 

***

 

Sonra onu sağ oturacaqda oturdub sükana keçdim, bir az gedən kimi maşını saxlamağımı tələb etdi. Fəhlə kimi ana söyüşü söyə-söyə özünü birtəhər qaydaya saldı, düşüb arxa oturacaqda oturdu. Sonra çıxış etməli olduğu barın ünvanını dedi. Harda olduğumuzu aydınlaşdırmağa çalışdım. Başımdumanlı idi, elə bil bir ay yatdığım xəstəxanadan çıxmışdım. Hər necə olsa maşından düşdüm, ayaqlarım sustalmışdı, amma özümü saxlaya bildim. Maşına baxdım. İz yox idi, sadəcə sağ krılada bir az qan ləkəsi vardı.

Gəldiyimiz yolla qayıtmaq daha yaxşı olardı.

 

Güzgüdən ona baxırdım, səkinin qırağındakı iti görəndə dərindən nəfəs aldı. İt hələ sağ idi, çox güman sümükləri sınmışdı, sürünürdü. Özümü pis hiss edirdim, süstəlmişdim, o mənə lağ etməyə başladı. Vəziyyətimin pis olduğunu görürdü, yavaşdan anamı söyürdü, pis şeylər deyirdi, onu burda, küçənin ortasında yenə zorlaya bilərdim.

 

Uşaqlar, sizi bilmirəm, amma mən onu bara çatdıran kimi aradan çıxdım, onu gözləyə bilmədim. Evə qayıtmalıydım. Tək yaşamaq xoşbəxtlik deyil, amma xoşbəxtlikdən, o gecə tək idim. Heç paltarımı da soyunmadım, evdə qalan içkini içib çarpayıya uzandım. Özümü çirkli əski kimi hiss edirdim. Ayaqaltı əskisi kimi.

 

Növbəti gecə yenə qapıda dayanıb onu gözləyirdim. Səs-küylü yer idi, dayana bilmirdim, amma özümü məcbur edib dayandım. Həmişəki vaxtda çıxdı. Saat kimi dəqiq idi. O, çıxan kimi məni gördü. O, görən kimi məni tanıdı. Həmişəki kimi yanında iki pəzəvəng vardı. Həmişəki kimi gülürdü. Bilmirəm sizə necə izah edim: onu görən kimi elə bil ayaqlarım yerdən üzüldü. O maşının qapısını açdı, üçü də oturdular. Elə bil üstümə qaynar su tökdülər. Bunu gözləmirdim. Axmaq, özümə dedim. Bəyəm başa düşmürsən ki, bu sadəcə şıltaq qızın kaprizləridi? Dünən sən ona lazım idin, bu günsə onunçün sadəcə taksi sürücüsüsən. Sən heç kimsən.

 

Bax, belə! Heç kim! Dəli kimi sürürdüm, az qaldı qabaqdakı iri maşının dalına girim. Dodaqaltı söydüm. Amma özümü ələ aldım. O birilər arxa oturacaqda oturub əylənirdilər. O, lətifə danışırdı. Onun sərxoş, xırıltılı səsi kişi səsinə oxşayırdı.

 

Çatan kimi o aşağı tullandı. Oğlanlar pulu verməyi heç təklif də eləmədilər. Qızı yaxşı tanıyırdılar… Oğlanlar içəri girdilər, o isə əyilib buxağımı sığallamağa başladı, elə bil uşaq əzizləyirdi. Pulu aldım. İstəmirdim onu hirsləndirim, yoxsa mənim də payımı verərdi. Nəsə demək istəyirdim. Amma nə deyəcəyimi bilmirdim. O birinci danışdı:

 

- Gözləyəcəksən?

 

- Harda?

 

- Burda. On beş dəqiqəyə çıxıram.

 

- Tək çıxacaqsan?

 

Lənət şeytana! Özümü axmağın yekəsi kimi aparırdım. Nə üçün belə şey soruşdum axı? Amma dediyini dala qaytara bilməzsən. O dırnaqlarını yanağıma batırdı.

 

- Xoşuna gəlir? – soruşdu.

 

Əvvəlki kimi gülürdü. Heç nə hiss eləmirdim. Dırnaqlarını batıran kimi də əlini çəkdi. Əlimi yanağımda gəzdirdim. Üzüm qanamışdı.

 

- Heç nə olmaz! – dedi. – Mən çıxanacan qan kəsiləcək. Deməli, məni gözləyirsən də, hə?

 

Bara girdi. Güzgüdə özümə baxmağa başladım. Yanağımda dörd dənə dırnağın izi qalmışdı. Hələ də qan axırdı. Heç nə hiss eləmirdim. Onu gözləməyə başladım. O gecə heç kimi vurmadıq. Mənim də heç yerim sınmadı.

 

***

 

Məncə o bu şıltaqlara təzəlikcə başlamışdı. Az danışırdı, haqqında heç nə bilmirdim. Artıq gündüzlər oturub gecənin haçan düşəcəyini gözləyirdim, gecə olan kimi maşını işə salıb onun dalınca gedirdim. O daha yanımda oturmurdu. Mən arxa oturacağa keçirdim, o mənim yerimdə otururdu. Həftədə iki-üç it-pişik vururduq.

 

Məncə gəzintilərimizin ikinci ayında o başqa şeylər arzulamağa başladı. İt-pişik daha onu cəlb etmirdi, o böyük ovlar arzulamağa başlamışdı. Sizə nə deyə bilərəm? Məncə bu təbii idi… O daha əvvəlki kimi əylənmirdi, mənsə onun əvvəlki kimi əylənməyini istəyirdim. Bilirəm, deyəcəksiniz ki, çox alçaq adamam. Amma siz o qızı tanımırdınız. Mənimçün it öldürməklə uşaq öldürməyin heç bir fərqi qalmamışdı. Elə həmin vaxtlar o onbeş yaşlı qızı vurduq. O matros sevgilisiylə atraksionlar olan parkdan çıxmışdı. İndi hamısını sizə danışaram.

 

O gecə Sleks pis vəziyyətdə idi. Maşına güclə oturdu, hiss elədim ki, nəsə istəyir. Başa düşdüm ki, bütün gecəni sülənməli olsaq da, nəsə tapmalıyıq. Başqa yolumuz yoxdu. Neçə saat gəzdik. Arxa oturacaqda oturub deyinirdim, maşın dönəndə isə oturacaqdan yapışırdım ki, yıxılmayım. O dəliyə oxşayırdı. Mən gözləyirdim. Həmişəki kimi.

 

Hər şey çox sadə oldu. Maşını oyan-buyan sürə-sürə 24-cü Uestdən 23-cü Uestə döndü, dönən kimi də cütlüyü gördü. Əl-ələ tutub gedirdilər, oğlan səkiylə gedirdi, qız aşağıda, yolla. Yəqin ki, oğlana aşağıdan yuxarı baxmaq xoşuna gəlirdi. Oğlan hündürboylu, cüssəli idi. Qız arxadan uşaq kimi görünürdü, saçı açıq rəngdəydi, qısa paltar geyinmişdi. Kifayət qədər qaranlıq idi. Sleksin sükanı bərk-bərk sıxdığını gördüm. Qancıq! Sürməyi yaxşı bacarırdı. Düz onların üstünə sürüb qızı vurdu. Elə bildim ürəyim bu saat dayanacaq. Dönüb baxdım, qız yerdə uzanmışdı, oğlan qışqıra-qışqıra dalımızca qaçırdı. Bu vaxt yaşıl rəngli köhnə model maşın küçəyə döndü, bu maşınlardan hələ də polisdə istifadə edirlər.

 

- Tez ol! – qışqırdım. O mənə baxdı, az qaldı bordürə çırpılaq.

 

- Sür! Sür!

 

Məhz o dəqiqədə nəyi buraxdığımı bilirəm. Dəqiq bilirəm. Onu arxadan görürdüm, amma nə baş verəcəyini dəqiq bilirdim, əgər… Elə buna görə heç nə vecimə deyil, başa düşürsünüz? Sabah uşaqlar başımı qırxacaqlar. Mənimlə məzələnə bilərlər, başımın bir hissəsində tük saxlaya bilərlər, ya da saçımı yaşıl rəngləyib polis maşınına oxşada bilərlər. Heç nə vecimə deyil, başa düşürsünüz?

 

Sleks sürəti artırırdı. Serf-avenyuya döndük. Maşın inildəyirdi.

 

Sonra avtostradaya çıxdıq. Burda daha işıqfor yox idi. Lənət şeytana! Kaş maşınım başqa marka olaydı. Polis maşınları dalımızca şütüyürdü. Hirsimdən ağlamaq istəyirdim.

 

Sleks qazı axıracan basmışdı. Arxadan ona baxırdım, amma nə istədiyini bilirdim, mən də onun kimi həyəcanlanırdım. Yenə “Sür!” – qışqırdım. Sonra o bir saniyəlik başını döndərdi, bir saniyəlik, çox olmaz. Bu vaxt qaqaşın biri döngədən çıxdı. Sleks onu görmədi. O sağla gedirdi. Təxminən saat yetmiş beşlə, ondan az olmazdı. Maşınımızın ağaca tərəf uçduğunu gördüm, arxa oturacaqda büzüşdüm, Sleks isə heç gözünü də qırpmadı. Məni maşından çıxartanda donuz kimi zarıyırdım, Sleks isə tərpənmirdi. Sükan sinəsini basmışdı. Onu ağ əllərindən tutub dartdılar, çətinliklə çıxarta bildilər. Əlləri ağappaq idi, üzü kimi. Ağzı sulanmışdı, dodaqları parıldayırdı. Gözləri açıq idi. Qolum arxaya qatlanmışdı, tərpənə bilmirdim, dedim ki, onu mənim yanıma uzatsınlar. Onun gözlərinə baxdım. Bütün bədəninə baxdım. Sinəsindən qan fışqırırdı. Bədəni bütün qan içindəydi. Üzündən başqa.

 

Xəz paltosunun yaxasını açanda gördülər ki, altdan heç nə geyinməyibmiş. Sadəcə şalvar və palto. Ağ dərisi küçəni aydınladan qaz fənərlərinin işığında rəngsiz, cansız görünürdü. Maşın ağaca dəyəndə, onun şalvarının zəncirbəndi açılmışdı.

 

1947

Tərcümə: Həmid P.

 

...
Şərh bölməsinə keç (0)
Digər yazılar