Andre Morua. "Bioqrafiya" hekayəsi ...

02 Sen
58
Andre Morua.

Böyük yemək otağını işıqlandıran lampaların işığı azaldılmışdı, bu il Londonda yarıqaranlıqda nahar etmək dəb idi. Stol arxasında yerinə oturan Erve Marsena gördü ki, onu mirvari taxmış çox qoca xanımın – ledi Hemptonun yanında otuzdurublar. Erve bundan narazı deyildi. Yaşlı qadınlar adətən iltifatlı olur və maraqlı əhvalatlar danışır. Ledi Hemptonun gözlərinin parıltısından görünürdü ki, yumor hissi olan qadındır.

- Hansı dildə danışmaq istəyirsiniz, cənab Marsena? Fransız, yoxsa ingilis?

- Etiraz etməsəniz, fransızca danışardım, ledi Hempton.

- Amma ingilis mövzularını yazırsınız. Sizin “Jozef Çemberlenin həyatı” kitabınızı oxumuşam. O məni əyləndirdi, mən axı bu adamların hamısını tanıyırdım. Bəs indi nə yazırsınız?

Gənc fransız köks ötürdü.

- Bayron haqda kitab yazmaq istəyirəm, amma onun haqda o qədər çox şey yazılıb ki… Düzdür, təzə materiallar tapılıb – Meri Şellinin məktubları, qrafinya Qviççolinin qeydləri. Amma onlar da artıq dərc olunub. İndiyəcən məlum olmayan sənədləri tapmaq istəyərdim, amma heç nə tapa bilmirəm.

Qarı gülümsədi.

- Sizə Bayronun indiyəcən məlum olmayan bir macərasını danışsam, onda necə?..

Erve Marsena kolluqda maral və ya qaban görən ovçu, hansı aksiyaların bahalaşacağını öyrənən maliyyəçi kimi qeyri-ixtiyari diqqətini cəmlədi.

- Bayronun naməlum macərası? Bu axı ağlasığmazdır, ledi Hempton, Bayronun bütün həyatı araşdırılıb.

- Deyəsən, sirli macəra olduğunu deyəndə bir az şişirtdim, çünki qadının adı artıq bioqrafiyalarda hallanıb. Mən ledi Spenser-Svifti nəzərdə tuturam.

Erve dodaqlarını büzdü:

- Hə, hə… Bildim kimi deyirsiniz… Amma bu hadisə haqda heç kim heç nəyi dəqiq bilmir.

- Əzizim cənab Marsena, bəyəm belə hadisələr haqda dəqiq nəsə bilmək olar?

- Əlbəttə, ledi Hempton. Bu cür hadisələr haqda əsasən məktublara, sənədlərə əsasən fikir yürüdürük. Bunlar da çox vaxt aldadıcı olur…

Ledi Hempton üzünü ona çevirdi:

- Bəs əgər sizə ledi Spenser-Sviftin (onun adı Pandora idi) Bayronla əlaqəsi vaxtı yazdığı gündəliyini versəm, onda nə deyərsiniz? Bir də Bayronun ona yazdığı məktubları.

Gənc fransız həzzdən gülümsədi.

- Mən, ledi Hempton, induslar kimi deyərəm ki – siz mənim atamsınız, anamsınız. Sayənizdə kitabı yazaram… Bu sənədlər doğrudan sizdədir?.. Sualıma görə bağışlayın. Bu o qədər qəribədir ki…

- Yox, - qadın dedi, - bu sənədlər məndə deyil. Amma onların harda olduğunu bilirəm. O indiki ledi Spenser-Sviftdədir, adı Viktoriyadır, pansionda görüşüb dostlaşmışdıq. İndiyəcən heç kimə o sənədləri göstərməyib.

- Bəs onda mənə nə üçün göstərsin?

- Çünki mən xahiş edəcəyəm… Siz hələ bizim ölkəmizi yaxşı tanımırsınız, cənab Marsena. Burda hər addımbaşı sizi sirrlər, tapmacalar gözləyir. Bizim şəhərətrafı evlərimizin zirzəmilərində, çardaqlarında xəzinə gizlənir. Amma sahibləri onlarla qətiyyən maraqlanmır. Əgər kimsə axtarıb tapmasa, onda həmin sənədlər əbədi olaraq gizli qalacaq. Əgər hansısa amerikan Bosvellin kağızlarını tapıb üzə çıxartmasaydı, onda onlar indiyəcən kroket şarlarının yeşiyində qalacaqdı.

- Amma mənim çoxlu dollarım yoxdur ki, o amerikan Bosvellin kağızlarını aldığı kimi verib gündəliyi alım.

- Viktoriya Spenser-Svifti dollarla ələ ala bilməzsiniz. Biz yaşıdıq, səksən yaşına az qalıb, öz gəlirləri ona artıqlamasıyla bəsdir. Əgər siz buna layiq olduğunuzu sübut edə bilsəniz, Vik o kağızları sizə göstərər. Üstəlik, siz onun nənəsinin obrazını da yaradacaqsınız.

- Lord Spenser-Svift sağ deyil?

- Lord yox, baronet… Ser Alensandr Spenser-Svift nəsildə bu titulu daşıyan axırıncı adam idi. Viktoriya hələ də Bayronun o vaxt qonaq olduğu evdə yaşayır… Bu Qloster qraflığında möhtəşəm malikanədir. Bəxtinizi sınayıb ora getmək istəyirsiniz?

- Məmnuniyyətlə… əgər dəvət etsələr.

- Bunu mənim öhdəmə buraxın. Elə bu gün Vikə yazacağam. Yəqin ki, sizi dəvət edəcək… Məktubu bir az quru yazılsa, inciməyin. Vik elə fikirləşir ki, bizim yaşımızda gözəl sözlər danışmaq yersizdir, gərək fikirləşdiyini düz deyəsən, gəldiyi kimi. Əzilib-büzülmək nəyə lazım?

Bir neçə gün sonra Erve Marsena balaca maşınıyla Qloster qraflığının kəndlərindən keçirdi. Artıq qurtarmış yay həmişəki kimi yağışlı keçmişdi və bu ağaclara, güllərə xeyir vermişdi. Ən sadə kotteclərin də pəncərələrindən gül dəstələri görünürdü. Yerli qızılı daşlardan tikilmiş evlər, eynilə Şekspirin dövründə olduğu kimi görünürdü. Erve ingilis peyzajından zövq alan biri olduğu üçün, Vindherst parkından vəcdə gəldi, bu park ledi Spenser-Sviftin mülkiyyətinə daxil idi. Burda otlar və kollar biçilmişdi, yolun hər iki tərəfində hündür palıd ağacları ucalırdı. Nəhayət, Erve qəsri gördü və ürəyi döyünə-döyünə maşını qapıda saxladı. Zəngi basdı. Qapıya çıxan olmadı. Erve beş dəqiqə gözləyəndən sonra gördü ki, qapı bağlı deyil və qapını itələyib açdı. Yarıqaranlıq dəhlizdə heç kim yox idi, kresloların üstündə paltolar, şərflər qalaqlanmışdı. Qonşu otaqdan kiminsə monoton səsi eşidilirdi, o elə bil ki, əvvəlcədən əzbərlədiyi nitqi oxuyurdu. Fransız içəri girdi, bura divarlarından böyük portretlər asılmış iri otaq idi. Turist qrupu əynində frak, tünd-boz jilet və zolaqlı şalvar olan butler`in (Eşikağası – ing.) ətrafında toplanmışdılar.

- Baxın, bu, - eşikağası portletlərdən birini göstərib dedi, - ser Uilyam Spenser-Sviftdir (1775-1835). O Vaterlooda vuruşub və Vellinqtonla dostluq edib. Arvadı ledi Spenser-Sviftin portreti kimi, onun da portretini ser Tomas Lourens çəkib.

Dinləyicilər arasında pıçıltı düşdü:

- Həmin qadının…

Eşikağası çox ehtiyatla başını razılıq mənasında tərpətdi.

- Hə, - az qala pıçıltıyla dedi, - Bayronun sevgilisinin. Bayron məşhur “Pandoraya” sonetini ona həsr edib.

Turistlərdən ikisi sonetin ilk iki misrasını əzbərdən dedi. Eşikağası yenə başını tərpətdi.

- Tamamilə doğrudur. – Sonra başqa portreti göstərdi. – Bu da ser Uilyam Spenser-Sviftin oğlu ser Robert Spenser-Sviftdir (1808-1872). Portreti ser Con Milles çəkib.

Sonra əminliklə əlavə etdi:

- Ser Robert, Bayron bu qəsrdə qonaq olandan dörd il sonra doğulub.

Gənc qadın soruşdu:

- Bayron bura nə üçün gəlmişdi?

- O ser Uilyamın dostu idi.

- Belə de! – qadın dedi.

Erve Marsen hər iki portretə diqqətlə baxmaq üçün qrupdan dala qaldı. Ser Uilyamın böyük, şərab içməkdən qızarmış üzü vardı. Tündxasiyyət və özündənrazı adam təsiri buraxırdı. İlahi gözəlliyə malik arvadının isə üzü ağıllı idi. Turistlər artıq çıxış qapısına yaxınlaşmışdılar, gənc fransız isə hələ də portretlərə baxırdı. Eşikağası yanına gəlib astadan dedi:

- Ser, üzr istəyirəm, sizin biletiniz var? Siz lap axırda gəlmisiniz… Hamı artıq ödəniş edib. Buna görə də, icazə versəniz…

- Mən turist deyiləm. Ledi Spenser həftəsonunu burda keçirtmək və bəzi sənədləri mənə göstərmək üçün məni bura dəvət edib…

- Bağışlayın, ser… Siz yəqin ledi Hemptonun dediyi həmin gənc fransızsınız. Bircə dəqiqə gözləyin zəhmət olmasa, turistləri yola salıb xanıma xəbər verim… Otağınız hazırdır, ser. Əşyalarınız maşındadır?

- Mənim bircə çamadanım var.

Ledi Spenser-Svift qapını xarici turistlər üçün açdığı günlərdə - bu ziyarətlər onu vergilərdən azad edirdi – ikinci mərtəbədəki qonaq otağında otururdu. Gənc fransızı da ora apardılar. Qoca ledi şax oturmuşdu.

- Heç bilmirəm sizə necə təşəkkür edim. – Marsena sözə başladı. – Tanımadığınız adamı qonaq çağırmaq…

- Nonsense (Boş şeydir – ing.), - ledi dedi. – Sizi mənim ən yaxın rəfiqəm məsləhət görüb. Kitablarınızı oxumuşam. Çoxdandır bu əhvalatı yaza biləcək birini axtarırdım. Fikrimcə, siz bunu bacararsınız.

- Ümid edirəm, miledi. Amma buna inanmağım gəlmir: necə olub ki, heç bir ingilis bioqrafı hələ də Bayronun bu macərasını yazmayıb?

- Burda qəribə heç nə yoxdur, - ledi dedi. – Mərhum ərim ulu nənəsinin gündəliyini heç kimə göstərmirdi. O çox köhnəfikirli adam idi.

- Bəyəm o kağızlarda nəsə… dəhşətli şey yazılıb?

- Bilmirəm. Gündəliyi oxumamışam. Onun xırda muncuq xətti adamı kor edər. Həm də ki, iyirmi yaşlı qadınların aşiq olduqları vaxt gündəliklərinə nə yazdığını hamımız yaxşı bilirik.

- Miledi, ola bilsin ki, kağızlarda Bayronla ərinizin ulu nənəsinin arasındakı hansısa əlaqəyə eyhamlar tapım. Belə olan halda, bunları gizlətməyə bilərəm?

Ledi gənc fransıza heyrətlə baxdı:

- Əlbəttə ki. Yoxsa sizi bura nə üçün çağırmışam?

- Siz çox ürəyiaçıq adamsınız, ledi Spenser-Svift… Çox ailələr nəsil şərəfini qorumaq üçün belə şeyləri gizlətməyə üstünlük verir.

- Nonsense, - qarı təkrar etdi. – Ser Uilyam axmaq idi, gənc arvadını başa düşmürdü, üstəlik, ona ətrafdakı bütün qızlarla xəyanət edirdi. Sonra o lord Bayrona rast gəldi, Bayron böyük şair olmaqla yanaşı, iblis ağlına sahib yaraşıqlı kişi idi. Ledi yaxşısını seçdi. Kim onu qınaya bilər ki?

Erve hiss etdi ki, bu mövzunu daha artıq uzatmaq lazım deyil. Amma özünü saxlaya bilməyib əlavə etdi:

- Bağışlayın, ledi Spenser-Svift, əgər siz gündəliyi oxumamısınızsa, onda Bayronun bura təkcə ev sahibinin dostu kimi gəlmədiyini hardan bilirsiniz?

- Bu nəsildən-nəslə ötürülmüş həqiqətdir – ledi əminliklə dedi. – Ərim atasından öyrənmişdi, atası da öz atasından. Elə özünüz də bundan əmin ola biləcəksiniz, dediyim kimi, gündəlik sizin ixtiyarınızdadır. İndi onları sizə göstərəcəyəm. Sizsə, işləmək üçün hara rahatdırsa, orda oturarsınız.

O eşikağasını çağırdı.

- Miller, zirzəmidəki qırmızı otağı açın, ora şam aparın və seyfin açarlarını mənə gətirin. Cənab Marsenlə ora gedirik.

Bütün evdən fərqli olaraq, zirzəmidəki otaqda elektrik işığı yox idi. Şamların titrəşən kölgəsi divarlara düşürdü. Divarın dibində seyf qoyulmuşdu, onunla üzbəüz divan vardı. Gənc fransızın əlindən tuta-tuta zirzəmiyə düşən yaşlı ledi açarı üç dəfə fırlatdı və Miller seyfin ağır qapısını araladı.

Marsena seyfdəki gümüş qab-qacağı və dəri üzlüklü futlyarları gördü. Yaşlı ledi qalın albomu götürüb ona uzatdı.

- Bu Pandoranın gündəliyidir, bu da məktublardır. Məktubları özü şəxsən bu çəhrayı lentlə bağlayıb.

Sonra zirzəmiyə nəzər saldı:

- Bir dəqiqə… Sizin üçün hara rahat olar? Bu böyük stol palıd ağacındandır, bura necədir? Hə? Əla… Miller, şamdanları stolun üstünə qoyun, seyfi bağlayın. Gedək, qoy cənab rahat işləsin.

- Miledi, olar gecə yarısınacan burda oturum? Vaxtım çox deyil, mənsə hamısını oxumaq istəyirəm.

- Əziz cənab Marsena, - ledi dedi, - tələskənlik yaxşı şeylər vəd etmir. Amma istədiyiniz kimi edin. Naharınızı bura gətirəcəklər, başqa heç kim sizə mane olmayacaq. Bu sizi qane edir?

- Əlbəttə, ledi Spenser-Svift. Heç bilmirəm sizə…

- Heç lazım da deyil. Gecəniz xeyrə.

Erve tək qaldı. Portfelindən avtoqələmlə kağız çıxartıb oturdu, ürəyi döyünə-döyünə albomu açdı. Qarı haqlı imiş, yazı doğrudan da xırda xəttlə yazılmışdı, çətin oxunurdu. Pandora bilə-bilə belə yazmışdı ki, oxumaq çətin olsun, albom ərinin əlinə düşə bilərdi. Ağıllı qadın imiş. Amma Marsena bu işlərdə təcrübəli biri idi, bu yazıda da çox çətinlik çəkmədi. Elə ilk sətirlərdən gülümsəməyə başladı. İfadə tərzindən yazanın gənc qadın olduğu bilinirdi. Pandora tez-tez sözləri qaralamışdı, yazanda həyəcanlı imiş. Gündəlik 1811-ci ildə, toydan bir neçə ay sonra yazılmağa başlamışdı.

“25 oktyabr 1811. Çox yorğunam, xəstəyəm, yəhərdə otura bilmirəm. Uilyam ova gedib. Bilmirəm başımı necə qatım. Gündəlik yazmağa qərar verdim. Bu albomu mənə mehriban atam hədiyyə edib. Onu tək qoyduğum üçün elə peşmanam ki! Qorxuram, ərim heç vaxt məni başa düşməsin. O qəddar deyil, amma qadının nə istədiyini bilmir. Görəsən o heç mənim haqqımda fikirləşir? O siyasətdən, atlardan, fermerlərdən daha çox danışır, nəinki məndən. Deyəsən, evləndiyimizdən bu yana bir dəfə də olsun “sevgi” sözünü işlətməyib. Ah, yox, işlədib. Bir neçə gün qabaq o Bricitə demişdi: “Arvadım məni necə də sevir!” Mənsə bunu deyə bilmərəm”.

Erve şikayət və lağ dolu səhifələri bir-birinin dalınca çevirirdi. Pandora hamilə idi, buna sevinmirdi, sadəcə uşağın doğulmağını gözləyirdi. Pandoranın qeydlərindən ser Uilyamın sevimsiz portreti tamamlanırdı. Bununla bərabər, olduqca mehriban qonşu lord Peterson da gündəliyin səhifələrində peyda olmağa başlamışdı.

“26 dekabr 1811. Dünən Milad bayramı münasibətilə lord Peterson mənə küçük gətirmişdi. Həmişəki kimi evdə tək idim, amma lordu qəbul etdim, o axı məndən çox böyükdür. Mənimlə ədəbiyyatdan, incəsənətdən danışdı. Kaş ki, onun parlaq fikirlərini yaza biləydim! Ona qulaq asmaq adama zövq verir. Onun güclü yaddaşı var. Mənim üçün əzbərdən Valter Skottun və lord Bayronun şeirlərini oxudu. Bundan çox zövq aldım. Lord Petersonun arvadı olsaydım, şübhəsiz uğur qazanardım. Amma o çox qocadır, mənsə başqasının arvadıyam. Əfsus! Bədbəxt Pandora!”

Sonrakı qeydlərindən məlum olurdu ki, Bayronun “Çayld Harold” poeması Pandoraya çox təsir edib. Bunu ərinə deyəndə, Uilyam deyib:

- Bayron? Onunla tanışam. İkimiz də dünyanı gəzdiyimiz vaxt tanış olmuşduq. İtaliyada xeyli xoş gecə keçirtmişik…

Növbəti səhifələrdə Pandora ərini razı salmağa çalışırdı ki, o, Bayronu dəvət etsin.

- Gəlib burda nə edəcək axı? – Əri deyirdi. – O burda darıxacaq. Ayağı axsayır deyə mənə uzun səfərlərdə yoldaşlıq edə bilməyəcək. Həm də ki, o ovçu deyil.

Arvadı inadkarlıq göstərirdi:

- Mən onu əyləndirməyə çalışaram.

Ser Uilyam hirslənirdi:

- Siz?! Bu arvadbazı, bu Don Juanı əyləndirəcəksiniz?.. Bir o qalmışdı ki, arvadımın Bayronla tək qalmağına icazə verim. Onun mənim torpaqlarımda ağalıq etməyinə imkan vermərəm.

Amma Londonda Bayronun şöhrəti getdikcə artmağa başlamışdı, ser Uilyam da hər yerdə onunla dost olduğunu deyirdi. Pandoranın qızı oldu və ağlına gəldi ki, bəlkə lord Bayrondan qızın xaç atası olmağı xahiş etsinlər? Məşhur şair qızımızın xaç atası olsa yaxşı olmaz? Ser Uilyam təslim oldu: “Yaxşı, mən ona yazaram. Amma o razılaşmayacaq. Onun başı şeirlərə və qadınlara qarışıb”. Amma Bayron razılaşdı. Biləndə ki, onu – çoxunun iblis hesab elədiyi adamı körpənin, üstəlik də qız uşağının xaç atası etmək istəyirlər, bu ona maraqlı göründü.

Erve Marsena oxumağa o qədər aludə olmuşdu ki, nə aclıq hiss edirdi, nə susuzluq, nə də yorğunluq. Eşikağası Miller əlində içində nahar olan sini tutmuş lakeylə onun yanına gəldi.

- Ledi Spenser-Svift sizə nəsə lazım olub-olmadığıyla maraqlanır.

- Heç nə lazım deyil. Lediyə deyin ki, sənədlər çox maraqlıdır və mən bütün gecəni işləmək istəyirəm.

Eşikağası narazı sifət aldı.

- Bütün gecəni, ser? Doğrudan? Belə olan halda, sizə ehtiyat şam gətirim.

Erve nahara demək olar ki, toxunmadı, təzədən albomu oxumağa başladı. Bayronun gəlişi olduqca həyəcanla yazılmışdı, Pandoranın xəttini oxumaq olmurdu.

 

“Bu gün səhər 11-də lord B. gəldi. O necə yaraşıqlıdır! Amma deyəsən o xoşbəxt deyil. Axsamağından utanır. Buna görə də gəzmir, qaçır, axsadığını gizlətmək istəyir. Amma nahar yerə! Axsamaq onu daha da maraqlı edir. Qəribədir… Uilyam mənə ehtiyatlı olmağı tapşırıb, guya Bayron arvadbazdır. Amma o mənimlə iki kəlmə də danışmadı. Bununla belə, arada oğrun-oğrun mənə baxır. Bir dəfə güzgüdən baxışını tutdum. Söhbət vaxtısa ancaq Uilyama və lord Petersona müraciət edir. Nə üçün?”

Erve bütün gecəni Pandoranın Bayronun təsiri altına düşməyini izlədi. Belə məlum olurdu ki, gənc qadını qonağın Bayronsayağı hərəkətlər etməməyi maraqlandırmışdı. Bayron Vindherstə gələndə, özünü yaxşı aparacağına söz vermişdi. Birincisi, o başqa qadına vurulmuşdu və bütün fikri onun yanındaydı, ikincisi, qonaq olduğu evin xanımını tora salmağı özünə yaraşdırmırdı, üçüncüsü, ev sahibəsi çox cavan, çox xəyalpərvər idi, Bayron ona əzab vermək istəmirdi.

Buna görə də Bayron Pandorayla sevgidən danışmırdı. Amma ocaq öz-özünə alovlanmağa başlamışdı.

Artıq gecəyarısı idi, Erve səhifə-səhifə qeyd tuturdu. Yarıqaranlıq zirzəmi getdikcə qaranlıqlaşırdı, elə bil şamların işığı zəifləyirdi və Erveyə elə gəlirdi ki, ətrafında kölgələr oynaşır. O qırmızıyanaq ev sahibinin gülüşünü eşidirdi, bu tərəfdə Pandoranın kədərli üzü görünürdü, Bayronsa küncdən bu uyğunsuz cütlüyə baxıb lağla gülümsəyirdi. Fransız təzə şamları yandırandan sonra oxumağa davam etdi. İndi o, gənc qadının Bayronu əyləndirmək üçün işlətdiyi hiylələri oxuyurdu, bu hiylələrin bəziləri çox təhlükəli idi və bu cür gənc qadından gözlənilməyən şeylər idi. Qadın bilyard oynamaq bəhanəsiylə Bayronla tək qalmışdı.

“Bu axşam ona dedim: “Lord Bayron, hesab edin ki, qadın kişini sevir, kişi isə ona fikir vermir, onda qadın nə etməlidir?” O dedi: “Bax, bunu etməlidir!” – və qəfildən məni qucaqlayıb…”

Axırıncı söz elə yazılmışdı ki, oxumaq olmurdu, amma Erve onu oxuya bildi: “öpdü”.

Erve Marsena dərindən nəfəs aldı. O öz xoşbəxtliyinə inana bilmirdi. “Bəlkə mən yatıram? – o fikirləşdi. – Axı ancaq yuxularda xəyallar gerçəkləşir”. Ayağa durub seyfə, divana toxundu ki, yatmadığına əmin olsun. Hər şey həqiqi idi, həmçinin gündəlik də. Təzədən oxumağa başladı.

“Mən qorxdum, dedim ki: “Lord Bayron, mən sizi sevirəm, amma mənim uşağım var, o məni atasına bağlayır. Sizinlə ancaq dost ola bilərəm. Amma sizsiz yaşaya bilmirəm. Mənə kömək edin”. O məni başa düşdü”.

Gənc fransız gülümsədi. O Bayronu yaxşı öyrənmişdi və onu hansısa gənc qadının istəklərinə tabe olan platonik aşiq kimi təsəvvür edə bilmirdi. Erve elə bil şairin səsini eşidirdi: “Əgər o saatlarla əlindən tutub şeir oxumağın xoşuma gəldiyini fikirləşirsə, onda səhv edir. Artıq əlaqəmizi möhkəmlətmək vaxtıdır”.

Sonra ağlına gəldi ki, ledi Spenser-Sviftin verdiyi məktub bağlamasında diqqətəlayiq bir şey tapa bilər. tez bağlamanın lentini açdı. Bunlar doğrudan da Bayonun məktubları idi. Erve o saat şairin xəttini tanıdı. Amma bağlamada Pandoranın yazdığı kağızlar da vardı. Erve onlara da tələsik göz gəzdirdi. Bunlar ledi Spenser-Sviftin yazdığı məktubların qaralaması idi. Məktubları oxuyanda, Erve yanılmadığını gördü. Platonik eşq Bayronu tez darıxdırmışdı. Pandoraya gecə hamı yatandan sonra görüşmək istədiyini yazmışdı. Pandora etiraz etsə də, qərarında qəti deyildi. Erve fikirləşdi: “İndicə qaralamasını oxuduğum məktubun əsli Bayrona çatmışdısa, onda o, qələbənin uzaqda olmadığını hiss etməliydi”. Doğrudan da, qadın cəmisi bircə bəhanə gətirirdi: “Bu mümkün deyil, çünki qəsrdəkilərin diqqətini çəkmədən harda görüşə biləcəyimizi ağlıma gətirə bilmirəm”.

Erve təzədən albomu götürdü. Pandora Bayronla necə məktublaşdığını yazmışdı. Guya o öz kitabxanasından Bayrona kitab verirdi, məktub kitabın içində olurdu. Və marito (ər – ital.) heç nədən şübhələnmirdi.

“Bu gün Uilyam ova getmişdi, qulluqçuların yanında olsa da, bütün günü Bayronla tək keçirtdim. O ehyrətamiz idi. Kimsə ona qəsrin zirzəmisindən danışıbmış, o oranı görmək istədi. Onunla düşməyə ürək etmədim, qulluqçunu onunla göndərdim. Qayıdandan sonra dedi: “Gözəl günlərdən birində bu zirzəmi, ömrüm boyu həzzlə xatırlayacağım məkan olacaq”. O bunula nə demək istəyirdi? Bu eyhamın dərinliyinə getməyi və haqqında danışdığı həzzin mənim xatirəmlə bağlı olduğunu fikirləşməyə qorxuram”.

Məktublarla albom fransıza düyünü açmaqda kömək etdi. Bir gecə, ərinin xoruldadığı və qulluqçuların üçüncü mərtəbəyə çıxdığı vaxt, Pandora Bayronla zirzəmidə görüşməyə razılıq verdi. Bayron inadkar idi. Qadın ondan mərhəmət istəyirdi.

- Lord Bayron, - o dedi, - mən sizin ixtiyarınızdayam. Mənimlə istədiyinizi edə bilərsiniz. Bizi heç kim görmür, heç kim eşitmir. Sizə müqavimət göstərməyə gücüm yoxdur. Mübarizə aparmaq istədim, amma sevgim məni bura gəlməyə vadar etdi. Xilasım sizin əlinizdədir. Mənə sahib olmaq istəsəniz, qarşı gəlməyə gücüm çatmayacaq, amma sonra utancdan və dərddən öləcəyəm.

O ağlamağa başladı. Gənc qadının yalvarışları Bayronu rəhmə gətirdi.

- Siz məndən mümkün olmayan şeyi istəyirsiniz. Amma sizi elə sevirəm ki, sizdən imtina etməyə hazıram.

Onlar bir xeyli bir-birinə qısılıb divanda yanaşı oturdular, sonra Pandora öz otağına çıxdı. Səhəri gün Bayron dedi ki, naşir Merrey onu Londona çağırır və Vindhersti tərk etdi. Həmin gün Pandora bu qeydi yazmışdı:

“Axmaq, axmaq! Hər şey itdi, əlimdən çıxdı, mən sevginin nə olduğunu bilməyəcəyəm. Mən axı o saat onun qucağına atıla bilməzdim, o bunu başa düşmədi. Bəyəm mənim kimi qadın yüngül hərəkət edə bilərdi? Mən ağlamalı idim. O isə məni sakitləşdirməliydi, məni çulğayan hisslərin öhdəsindən gəlməkdə mənə kömək etməliydi. Amma o getdi, bütün ümidlərimi puç etdi! Bunu ona heç vaxt bağışlamayacağam!”

Bayron gedəndən sonra Pandoraya bir məktub göndərmişdi, Pandora da ona cavab yazmışdı. Bayronun məktubu ehtiyatla yazılmışdı, aydındır ki, məktubun Uilyamın əlinə düşməyindən qorxmuşdu. Panoranın məktubunun qaralaması incə hisslərlə yazılsa da, hirsli qadının fikirləri idi. Gündəliyin sonrakı qeydlərində bir neçə dəfə də Bayronun adı çəkilirdi, ya təzə poeması haqda yazmışdı, ya da növbəti sevgi qalmaqalı haqda. Qeydlərdən qadının Bayrona hələ də acıqlı olduğu hiss olunurdu. Belə görünürdü ki, 1815-ci ildən sonra, Bayron tamamilə qadının yaddaşından silinmişdi.

Zirzəminin balaca nəfəsliyindən işıq süzülməyə başlamışdı. Səhər açılırdı. Erve trans vəziyyətindən çıxıb ətrafa boylandı, XX əsrə qayıtdı. Gecə gündəliyi oxuyanda aldığı həzz yadına düşdü. Bunu necə həzzlə yazacaq! İşini qurtarandan sonra yuxusuzluq, yorğunluq hiss etdi. Şamları söndürüb onun üçün ayrılan otağa çıxdı.

Zəng səsi səhər yeməyi vaxtı olduğunu bildirdi. Miller onu dəhlizdə gözləyirdi, o Erveni qonaq otağına apardı. Ledi Spenser-Svift artıq orda idi.

- Sabahınız xeyir, cənab Marsena, - ledi dedi. – Mənə dedilər ki, bütün gecəni yatmamısınız. Ümid edirəm, yaxşı işləyə bildiniz.

- Əla. Hər şeyi oxuyub iyirmi səhifə qeyd tutdum. Bu əvəzsiz əhvalatdır. Bilmirəm sizə necə…

Qarı onun sözünü kəsdi:

- Axı sizə demişdim. Həmişə Pandoranın portretinə baxanda, onun çox ehtiraslı olduğunu fikirləşirdim.

- Doğrudan da o sevgi və ehtiras üçün yaradılmışdı. Amma əhvalatın bütün marağı bundadır ki, Pandora heç vaxt Bayronun sevgilisi olmayıb.

Ledi Spenser-Sviftin rəngi qaçdı:

- Necə?

Gənc fransız qeydlərini götürüb bütün əhvalatı qarı üçün danışdı.

- Bayron ömründə birinci və axırıncı dəfə hansısa qadına güzəştə getdi, ərinizin ulu nənəsi isə, bunu heç vaxt ona bağışlamadı.

Ledi Spenser-Svift bayaqdan qulaq asırdı, amma daha özünü saxlaya bilmədi:

- Siz nəyisə qaçırtmısınız, ya da başa düşməmisiniz… Pandora Bayronun sevgilisi olmayıb? Bütün dünya bilir ki, olub. Bu qraflıqda elə bir ailə yoxdur ki, bu əhvalatı bilməsin… Lord Bayronun sevgilisi olmayıb!.. Çox təəssüf edirəm, cənab Marsena, əgər gəldiyiniz qənaət budursa, onda bunu yazmağı sizə qadağan edirəm… Necə! Siz Frasaya və başqa ölkələrə sübut etməyə çalışırsınız ki, bu böyük sevgi yaşanmayıb? Pandora qəbrində fırlanar, cənab!

- Axı nə üçün? Pandora həqiqəti hamımızdan yaxşı bilir, axı özü gündəlikdə yazıb ki, Bayronla onun arasında heç nə olmayıb.

- Gündəlik, - ledi Spenser-Svift dedi, - seyfə qayıdacaq və bir də heç vaxt ordan çıxmayacaq. Siz onu hara qoymusunuz?

- Zirzəmidəki stolun üstündədir. Açar məndə deyildi, buna görə də onu seyfə qoya bilmədim.

- Yeməkdən sonra zirzəmiyə düşüb yerinə qoyarıq. Ailə arxivini sizə göstərməməliydim. Yazıq ərim, Aleksandr haqlı imiş… Sizdənsə, cənab, bu… belə deyək… gəldiyiniz qənaət haqda susmağı tələb edirəm.

- Əlbəttə ki, ledi Spenser-Svift, sizin icazəniz olmadan, bircə sətir də çap etdirə bilmərəm. Amma, başa düşmürəm ki…

- Başa düşməyiniz lazım deyil. Sizdən başqa şey istəyirəm – bunu unudun.

- Nə edək? Unudaram… Bu gündəliyi də, yazacağım kitabı da…

- Lap yaxşı. Açığına qalsa, fransızdan bundan artığını gözləmirdim də. Gəlin başqa şeydən danışaq. Cənab Marsena, buraların havası sizə düşür?

Yeməkdən sonra Millerin müşayiətiylə zirzəmiyə düşdülər. Eşikağası seyfin ağır qapılarını araladı. Qarı albomu və çəhrayı lentlə bağlanan saralmış məktub bağlamasını öz əliylə dəri üzlüklü futlyarların və gümüş qab-qacağın arasına qoydu. Miller seyfi təzədən bağladı.

- Bu da belə. – Ledi dedi. – Gündəlik bir də heç vaxt burdan çıxmayacaq.

Onlar yuxarı çıxanda, birinci turist qrupu artıq gəlmişdi və dəhlizdə biletlə üstündə qəsrin şəkilləri olan açıqcalar alırdılar. Miller portretlər haqda danışmaq üçün hazır dayanmışdı.

- Biz də içəri girək. – Ledi Spenser-Svift fransıza dedi.

Onlar qrupdan bir az aralı dayanıb Millerə qulaq asmağa başladılar.

- Bu, - eşikağası deyirdi, - ser Uilyam Spenser-Sviftdir (1775-1835). O Vaterlooda vuruşub və Vellinqtonla dostluq edib. Arvadı ledi Spenser-Sviftin portreti kimi, onun da portretini ser Tomas Lourens çəkib.

Gənc turist qız portretə baxmaq üçün yaxına gəlib pıçıldadı:

- Həmin qadının…

- Hə… - Miller də səsini qısıb dedi. – Lord Bayronun sevgilisinin.

Ledi Spenser-Svift fransıza baxıb dedi:

- Gördünüz?

 

 

Tərcümə: Həmid P.

 

 

...
Şərh bölməsinə keç (0)
Digər yazılar